02/02/2013
Mövzu: Giris.
Plan.
1. Geodeziyanın predmeti.
2. Geodeziyanın əhəmiyyəti.
3. Digər elmlərlə əlaqəsi.
4. Geodeziyanın inkişaf tarixi haqqında qısa məlumat.
5. Ölçü vahidləri.
1. Geodeziyanın predmeti.
Geodeziya Yer planetini bütövlükdə və onun ayrı-ayrı hissələrini həndəsi nöqteyi-nəzərdən öyrənən elmdir. Geodeziya qədim yunan sözü olub (geodaisiya) yer bölmək və ya hissələrə ayırmaq mənasını verir. Müasir geodeziya elmi aşağıdakı sərbəst fənlərə bölünür:
1. Ali geodeziya-dövlət geodeziya istinad məntəqələri şəbəkəsi yaratmanın, Yerin formasını və ölçülərini təyin etmənin, Yer qabığının üfüqi və şaquli istiqamətdə hərəkətinin üsul və metodlarını öyrənir.
2. Topoqrafiya və ya geodeziya-plan və xəritə tərtib etmək üçün yerin fiziki səthini və onun üzərindəki obyektləri həndəsi cəhətdən öyrənir. Topoqrafiya qədim yunan sözü olub, «məhəlli təslim etmək» mənasını ifadə edir. Topoqrafiyanın əsas tədqiqat üsulu planalmadır. Plan və xəritə tərtib etmək üçün yer üzərində aparılan kompleks geodeziya ölçü işlərinə planalma deyilir. Planalma işləri birbaşa ərazidə və laboratoriyada yerinə yetirilir. Ərazidə görülən əşlərə çöl işləri, laboratoriyada görülən işlərə isə kameral işlər deyilir. Hazırda topoqrafiya kiçik ərazilərdə aparılan planalma işləri ilə məşğul olur.
3. Mühəndis geodeziyası-təbii ehtiyatların mənimsənilməsi, mülki, sənaye, hərbi və hidrotexniki obyektlərin, eləcə də yer quruluşu və meliorasiya işlərinin layihələşdirilməsi, bir çox mühəndis axtarışları və mürəkkəb konstruksiyaların quraşdırılması zamanı yerinə yetirilən geodeziya işlərinin üsul və metodlarından bəhs edir.
4. Kosmik geodeziya-radiodalğalar və işiq şüaları vasitəsilə süni peyklərin verdiyi məlumatlara əsasən yerin formasını, ölçülərini və Yer üzərində nöqtələrin koordinatlarını təyin edən elmə deyilir.
5. Kartoqrafiya-coğrafi xəritələr və digər kartoqrafik əsərlər, onların xüsusiyyətləri, yaradılması və istifadə olunması üsulları haqqında elmdir. Müasir kartoqrafiya xəritəşünaslıq, riyazi kartoqrafiya, xəritələrin tərtibi və redaktə edilməsi, xəritələrin qrafiki düzəldilməsi, xəritələrin nəşri və kartometriya kimi bir neçə fənnə və ya şöbəyə ayrılır. Geodeziya ölçü işləri apardıqda müxtəlif konstruksiyalı çoxlu alət və cihazlardan istifadə olunur. Müasir geodeziya alət və cihazlarının hazırlanması, onlardan istifadə edilməsinin üsul və metodları da geodeziyanın predmetinə daxildir.
Geodeziyanın əhəmiyyəti və digər elmlərlə əlaqəsi
Planlı dövlət təsərrüfatının elə bir sahəsi yoxdur ki, orada geodeziya elminin məhsulu və son nəticəsi olan plan və xəritələrdən istifadə olunmasın. Məsələn, yer quruluşu layihələrinin tərtibində, müxtəlif yol və kanalların çəkilməsində, torpaq islahatının aparılmasında, yaşayış məntəqələrinin salınmasında, müxtəlif hidrotexniki, sənaye və digər obyektlərin inşaasında, hava və su nəqliyyatında, tədris və elmi-tədqiqat işlərində, təbii ehtiyatların mənimsənilməsində, ölkənin müdafiəsi və sair işlərdə plan və xəritələrdən geniş istifadə olunur. Bu obyektlərin inşaası üçün müxtəlif mühəndis-geodeziya işləri görülür, plan və xəritələrdən istifadə edilir.
Geodeziya elmi başqa elmlərlə sıx əlaqədardır. Belə ki, geodeziya ölçmə və hesablama işlərində, bu işlərin tarazlaşdırılmasında riyaziyyatın, geodeziya alətlərindən istifadə etdikdə fizikanın və mexanikanın, ərazi təbiətinin qanunauyğunluqlarının dərk olunmasında və xəritədə düzgün təsvir olunmasında Yer haqqında olan elmlərin, cəhətlərin təyin olunmasında astronomiyanın və s. elmlərin hazır nəticə və nailiyyətlərindən istifadə edir. Nəticədə isə bu və ya digər elmlərə hazır material (plan, xəritə, profil) verir.
Geodeziyanın inkişaf tarixi haqqında qısa məlumat
Geodeziya elmi qədim elmlərdən biridir. Arxeoloji qazıntılar nəticəsində məlum olmuşdur ki, geodeziya elmi eramızdan 30-35 əsr əvvəl qədim Şərqdə yaranmışdır. Geodeziya ilə həndəsi bir elm kimi əsrlər boyu birlikdə inkişaf etmişdir. Eramızdan əvvəl III əsrdə həndəsəşünas Evklid geodeziya elmini həndəsə üzərində əsaslandırmışdır. Qədim yunanlar Misir alimlərinin geodeziya elmi sahəsində əldə etdikləri məlumatları öyrənərək, onu xeyli inkişaf etdirmişlər. 24 əsr bundan əvvəl yaşamış yunan alimi Pifaqor Yerin kürə şəklində olması fərziyyəsini əsaslandırmışdır.
Yunan həndəsəşünası və geodeziya alimi Eratosfen ilk dəfə (e.ə. 276-194-cü illər) Yer kürəsinin ölçülərini dərəcə ölçmə üsulu ilə təyin etmişdir ki, həmin üsul indii də tətbiq olunur.
XVII əsrdə holland Sneilius trianqulyasiyanı ixtira etmişdir. Bu üsul indii də öz əhəmiyyətini itirməmiş və geodeziya istinad nöqtələrinin koordinatlarını təyin etdikdə istifadə olunur. Sneiliusla bir əsrdə yaşamış Nyuton kainatın cazibə qüvvəsini kəsf etmiş və qanuna əsasən Yerin qütblərdən basıqlığını, yəni onun sferoid formasında olduğunu demiş və həmin əsrdə aparılan dərəcə ölçmələri bunu təsdiq etmişdir.
XVII əsrdə menzula, optik durbinli nivelir və teodolitin ixtisası geodeziya ölçmə işlərini daha da təkmilləşdirdi.
1779-cu Moskva şəhərində «Yer quruluşu mühəndisləri» « Geodeziya, kartoqrafiya və aerofotogeodeziya» və s. institutların əsası olan «Riyaziyyat və naviqasiya etmləri məktəbi» adlanan birinci geodeziya məktəbi təşkil olunmuşdur.
1816-1855-ci illərdə topoqrafik planalma üçün istinad nöqtələrin yaradılmasında trianqulyasiya ilk dəfə Rusiya ərazisinin mərkəzi və Qərb hissələrində V.Y.Struvenin rəhbərliyi altında tətbiq edilmişdir. Alınan nəticələr əsasında Yer ellipsoidinin ölçüləri təyin edilmişdir.
1822-ci ildə yaradılmış hərbi topoqraflar korpusu tərəfindən böyük ərazidə geodeziya işləri aparılmasına baxmayaraq, həmin işlər pərakəndə olduğundan ölkənin tam xəritəsi tərtib edilməmişdir.
Qafqazda müxtəlif vaxtlarda yaradılmış astronomiya və triqonometriya məntəqələrin azlığı imkan vermirdi ki, dəqiq xəritələr tərtib olunsun. Ona görə Rus imperiyası Qafqazda trianqulyasiya işlərini aparmaq üçün 1840-ci ildən 1947-ci ilə kimi hazırlıq işləri, 1847-1854-cü illərdə isə trianqulyasiya işləri aparmış və bunun da nəticəsində 138 I sinif, 1200 ədəd II, III sinif məntəqə qurulmuş və koordinatları təyin olunmuşdur.
Keçmiş sovetlər ölkəsində Baş Geodeziya və Kartoqrafiya idarəsinin yaradılması haqqında 15 mart 1919-cu ildə Xalq Komissarlar Sovetinin verdiyi dekret geodeziya elminin inkişafına çox böyük təkan vermişdir.
Respublikamızda geodeziya sahəsində bir neçə görkəmli alim və mütəxəssis çalışmışdır: Əliyev Məmmədəli, Şəfiyev Mansur, Hüseynov İslam, Piriyev Rizvan, Şıxzamanov Eyyub, Quliyev Əsgər, Quliyev Kazım. İndi isə elmi inkişaf etdirənlərdən Babayev Rafiq, Mütəllimov Ağali, Atakişiyev Atakişi, Eminov Ramizi göstərmək olar.
Hazırda onlar geodeziya sahəsində böyük elmi-tədqiqat işləri aparmaqdadırlar.
Yeni yaşayış məntəqələrinin salınması, torpaq islahatına dair sahələrin bölgüsü, suvarma kanallarının, yolların, körpülərin, ərazinin digər. İnfrastrukturlarının tikintisi, sənaye və texniki qurğuların yerləşdirilməsi, təbii mənbələrin tədqiqi və digər problemlərin həllində, geodeziya işlərinin aparılması, yəni məsələnin həllinin geodezi təminatı zəruridir.
Ölçü vahidləri.
İndii istifadə etdiyimiz ölçü vahidi-metr yunanca «ölçü» deməkdir. Uzun (böyük) məsafələrin ölçülməsi metrin-ümumiyyətlə, hər hansı bir ölçü vahidinin onun daxilində neçə dəfə yerləşməsi deməkdir.
Ümumiyyətlə, müxtəlif dövlətlərdə ölçü vahidləri bir-birindən çox fərqli olmasına baxmayaraq, yenə də onlardan istifadə olunur. (Cədvəl).
Cədvəl
Kilometr Verst Dəniz mili İsveçrə ças Coğrafi və ya alman mili Şimali alman mili İsveçrə mili
1 0,937 0,540 0,208 0,135 0,133 0,094
1,067 1 0,575 0,222 0,144 0,142 0,100
1,855 1,738 1 0,386 0,250 0,247 0,169
4,808 4,505 2,592 1 0,648 0,639 0,449
7,420 6,953 4 1,543 1 0,989 0,694
7,500 7,031 4,043 1,564 1,011 1 0,702
10,692 10,019 5,764 2,224 1,441 1,430 1
Bu ölçü vahidləri belə olub:
Rus ölçü vahidləri
1 verst=1066,78 m=500 sajen
1 sajen= 7 fut=3 arşin=2,1135 m
1 arşin =16 verşok = 28 dyum= 0,71118 m
1 verşok =0,04444 m
1 dyum =10 liniya =0,57142 verşok=0,02539 m
1 rus futu = ingilis arşını = ingilis yardı =0,30479 m
1 Paris futu=0,324839 m
1 Parisdyumu=0,027070 m
1 Paris liniyası=2,25583 mm
Reyn və Prus ölçü vahidləri
1 fut =0,31385 m
1 dyum=0,02615 m
1 liniya=2,17954 milim
Avstriya ölçü vahidləri
1 fut =0,316081 m
1 dyum=0,02634 m
1 liniya=0,00219 m
İngilis və Amerika ölçüləri
1 fut =12 dyum =120 lin
1 yard=3 fut =36 dyum
1 fortom=2 yard =9 fut
1 rod=5 yard=16 fut
1 şen =100 lirk=4 rod=22 yard
1 furl=10 rod=220 yard=660 fut
Ölkələrin özlərinin daxilində belə ölçü vahidləri müxtəlif olmuşdur. Azərbaycan başqa dövlətlərə nisbətən kiçik bir əraziyə malik olmasına baxmayaraq, onun regionlarında-Bakıda bir arsında 22 verşok, Gəncədə 23 , Naxçıvanda 21 , Şəkidə 23, Şuşada 16 versok və s. götürülürdü. Belə ölçü vahidlərindən istifadə olunan dövrdə başqa ölkələrdə olduğu kimi Fransada da (Paris şəhərində xüsusilə) astronom və geodezistlər ölçü işləri aparırdılar.
İstifadə olunan ədəbiyyat
1.Q. Məmmədov, İ.Əhmədov. «Geodeziya»
2. Əhmədov İ.H. Hüseynov İ.İ. «Geodeziya»
3.Geodeziya və topoqrafiya rəsm xətt.
4. Şəfiyev Ə.İ. «Mühəndis geodeziyası».
5. M.İ.Cəfərov., R.M.Quliyev. Torpaq fondu və ondan səmərəli istifadə.