24/11/2021
Azərbaycanlı iş adamı Fərid Novruzi Dünya ətrafında səyahətini başa çatdırdı. 180 günlük səyahətini daha qısa bir zamanda 158 günə bitirdi. Bu səyahət çərçivəsində dünyanın 40 ölkəsini ziyarət edərək, iki dəfə ekvatoru keçərək, iki antaqonist nöqtəyə ayaq basaraq, 60.000 km-dən çox bir məsafəni qət edərək, 6 qitəni ziyarət edərək (Antarktida nəzərə alınmır) və bütün bunları təyyarəsiz həyata keçirərən ilk azərbaycanlı oldu.
Fərid Novruzinin Dünya səyahəti ilə bağlı təəssüratları belədir:
“17 saat avtobusla Panamadan Kosta-Rikaya olan yolçuluğum nəhayət ki, bitdi.
Kosta-Rika - dünya səyahətimdə son nöqtə, bununla da uzun və maraqlı səyahətimi burada bitirirəm. Planlaşdırılan 180 gün əvəzinə, Allahın izni ilə onu 158 günə tamamladım və demək olar ki, bütün dünya səyahətim Pandemiya dövründə baş tutdu - bu faktor da onun unikallığını artırdı. Məncə son ildə dünyanın bu ağır vəziyyətində təyyarəsiz bütün dünyanı gəzən, 40 ölkəni ziyarət edən, iki dəfə ekvatoru keçən, iki antaqonist nöqtəyə ayaq basan, 60.000 km-dən çox quruları, dənizləri, okeanları qət edən , bütün 6 qitəni ziyarət edən (Antarktida nəzərə alınmır) və bütün bunları təyyarəsiz həyata keçirən, planetimizin tarixinin ən çətin ərəfəsində bacaran olmayıb.
Azərbaycanın müasir tarixində ilk Magellanam və ya yox, onu deyə bilmirəm, amma bu önəmli deyil; əsas odur ki, xəyalımı Allahın izni ilə həyata keçirə bildim.
Həmd olsun Allaha, aləmlərin Rəbbinə!”