30/09/2023
Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) gənc tərcüməçilər üçün yeni təşəbbüslər və imkanlarla həyəcanverici bir dövrə qədəm qoyur və üzvlüyə qəbulu açıq elan edir
2011-ci ildə təsis edilmiş AGTA-nın fəaliyyəti Azərbaycan tərcümə sahəsində karyera qurmaq istəyənlərə dəstək göstərməyə, onları resurs və imkanlarla təmin etməyə yönəlmişdir. Beynəlxalq Tərcüməçilər Federasiyasının daimi üzvü olan AGTA yenilənmiş enerjisi ilə Azərbaycanda tərcümə sektorunun inkişafını təşviq etməyə davam edəcək. İndi yenilənmiş missiya ilə yeni dövrə qədəm qoyuruq.
Sürətlə dəyişməkdə olan dünyamızda, bütün sahələr kimi, tərcümə sahəsində də yeni ehtiyaclar, imkanlar və çağırışlar meydana çıxır Təşkilatımız təhsil proqramları, seminarlar, şəbəkələşmə tədbirləri və mentorluq imkanları təqdim edərək, lakin bunlarla məhdudlaşmadan yeni nəsil tərcümə peşəkarlarının yetişdirilməsinə diqqət yetirəcək və bunun üçün sektorun bütün maraqlı tərəfləri ilə əməkdaşlıqlar qurmağa, birgə layihələr həyata keçirməyə davam edəcəkdir.
Növbəti aylarda AGTA öz üzvlərini cəlb etmək, əhatə dairəsini genişləndirmək və fəal və böyüyən tərcümə icmasına dəstək göstərmək istiqamətində bir sıra təşəbbüslər həyata keçirməyi planlaşdırır. Bu təşəbbüslərə aşağıdakılar daxildir:
• Gənc tərcüməçilər üçün təcrübə və iş imkanları yaratmaq məqsədilə yerli təhsil müəssisələri və tərcümə şirkətləri ilə tərəfdaşlıqlar qurmaq;
• AGTA üzvlərinin peşə bacarıqlarını yaxşılaşdırmaq üçün bu sahənin mütəxəssisləri ilə təlim və seminarlar təşkil etmək;
• AGTA üzvlərini təcrübəli mütəxəssislər və potensial müştərilərlə əlaqələndirmək üçün şəbəkələşmə tədbirləri keçirmək;
• AGTA-nın ictimailəşməsini və bu sahədəki nüfuzunu artırmaq məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək və qlobal tədbirlərdə iştirak etmək;
• Təcrübəli mütəxəssisləri ilk addımlarını atan gənclərlə əlaqələndirən mentorluq proqramları hazırlamaq, bacarıqların inkişafını və bilik mübadiləsini təşviq etmək;
• Dil mütəxəssisləri üçün proaktiv, davamlı, dəstəkləyici və inklüziv bir mühitin yaradılması məqsədilə Azərbaycanda tərcümə sektoru iştirakçılarının hüquq və maraqlarını müdafiə etmək.
AGTA Azərbaycanda gənc yazılı və şifahi tərcüməçilər üçün münbit və inklüziv bir mühit yaratmaq məqsədi güdür. Təşkilatı yenidən canlandırmaq və bu təşəbbüsləri həyata keçirməklə, AGTA tərcümə icmasını gücləndirməyi və tərcümə sektorunun milli və beynəlxalq səviyyədə inkişafına töhfə verməyi hədəfləyir.
AGTA-ya üzv olmaq üçün aşağıdakı keçidə daxil olaraq, ərizə formasını doldura bilərsiniz:
https://forms.gle/vAwgEZMD5wp4PQKw7
AGTA və onun gələcək fəaliyyətləri barədə daha ətraflı məlumat əldə etmək üçün www.agta.az veb-səhifəsinə daxil olun və ya [email protected] e-poçt ünvanına yazaraq əlaqə saxlayın.
Əziz Həmkar! Hazırkı formanı maksimum geniş və səliqəli şəkildə doldurmağınız xahiş olunur. Növbəti mərhələdə ümumi tanışlıq və rəsmiləşdirmə üçün AGTA ofisinə dəvət olunacaqsınız.