07/07/2024
`dən əvvəl və sonra
Düşərgələr mənim yer üzündəki cənnətim kimidir, hər tərəf uşaqla dolu və onlara layiq olduqları kimi davranmaq fürsətim(iz) var hər an.
6 gün 5 gecə çəkir düşərgələr, yay çadır düşərgələrindən gedir söhbət. Ən uzun müddətli düşərgələrdir yay düşərgələrimiz. Ancaq aşılamaq istədiyimiz duyğu-düşüncələrə baxanda, qazandırmaq istədiyimiz vərdişlərə baxanda az gəlir, az qalır bu müddət.
5 il ərzində təxminən 50 düşərgə etmişik, ancaq hər dəfə gündəlik proqramı yenə yenidən yeniləyirik, daha faydalı, daha səmərəli necə edə bilərik deyə.
Təlim mövzularımız aşağı-yuxarı eyni olur, ilk günün mövzusu heç dəyişmir, “komanda işi”. Çünki düşərgə boyunca birbiriləriylə necə davranmalarını çox yaxşı bilməlidirlər. Və hər zaman da təsirini görürük. Əlbəttə uşaqdırlar, aralarında mübahisə yarana bilir, belə bir hal baş verəndə dərhal komanda işi təlimindəki qaydaları xatırladırıq sadəcə və məsələ öz həllini tapır.
Uşaqlara gözəl dillə anlatılan hər şeyin təsirini o qədər görmək olur ki, insan əksi halların olduğunu xatırlayanda dərindən üzülür ki, axı belə də ola bilir. Son düşərgədə ana yeməkdən əvvəl sup içmək mövzusu oldu və qrup rəhbərlərindən biri hətta mənlə bəhsə girdi ki, içməyəcəklər. Başımdan böyük bir söz verdim və 44 uşağın hamısının içəcəyinə dair söz verdim, özü də qorxuyla da yox, şuurlu şəkildə. Kitab oxuma saatı bitdi və uşaqlara dedim ki, baxın, 3 növ qidalanma var, bədən, ruh və beyin. Beynimizi qidalandırdıq, təbiətdəyik, gözəl insanlarlayıq, ruhumuz da oradan qidalanır, qaldı bədənimiz, onu da gözəlcə qidalandırmalıyıq və başladım supdan, birinci yemək, ana yemək, içki kimi qidalardan danışıb mahiyyətini anlatmağa. Uşaqlara bir gözəllikdən danışarkən dəqiq, doğru və aydın bir izah vermək lazımdır amma çox da emosiyalara qapılmadan yüngülvari qayda da qoymaq və qətiyyətli durmaq da mütləqdir. Dedim ki, minimum 5 qaşıq şərtimiz də var, unutmayın. 44 uşağın tamamı o gündən sonra sup mövzusunda istəksizlik göstərməyə cəhd belə etmədi, çünki həm faydasını bilirdilər həm də qətiyyətli bir qayda var idi. İstəyəndə olur və təbii doğru üslubdan istifadə edəndə.
Biz belə çox vərdişlər üçün çalışırıq ancaq bir Elizabeth vardı ki, bütün bizim anlatdıqlarımzı hal diliylə göstərdi bizə də, uşaqlara da. Hal diliylə deyirəm, çünki nə bizim dilimizi bilirdi, nə də İngilis dilini, İsveçli bu qızcığaz Bakıda bir ailənin qonağıdır və o evin oğluyla birlikdə düşərgəmizə gəlmişdi, dilini bilən sadəcə o evin uşağıydı və demək olar ki, 6 gün ərzində danışdıqları cümlələri saymaq olardı, o qədər az ünsiyyətdə oldular. ��Ona ehtiyac duymadan Elizabeth hamıyla oynadı, hamıyla əyləndi, dostlar qazandı, tonqal fəaliyyətlərində bizim toy ritmlərinə rəqs etdi, mahnı oxudu, verilən heç bir yeməyə ağız büzmədi, damaq dadını nəzərə alıb, iradını haqlı bilib nəzərə alardıq ancaq bir dəfə olsun narazılıq etmədi. Ayaqqabısının bağı qopdu, tanışı oğlanın ayaqqabısını geyindi, onlar yaş oldu mənim oğlumun çəkələyini geyindi, yeri gəldi ayaqqabıları tay-keş geyindi amma heçnə onu o andan zövq almaqdan geri qoymadı. Xoşbəxtlik, pozitivlik Elizabeth-in içindəydi çünki. Olduğu yerdən, şəraitdən asılı olmayaraq zövq almağı, əylənməyi bilən hər bir insan üçün həyat hələ də və hər zaman yaşanılası bir yerdir.
Son gün düşərgənin bayraq meydanında dairə halında toplananda bu hisslərimi uşaqlarla da bölüşdüm və dedim ki; bəlkə bir gün bizim anlatdıqlarımızı unudacaqsınız, bizi də unudun, mənim adımı da unudun, bir saqqallı adam var idi deyəcəksiniz bəlkə də amma Elizabeth-i unutmayın. Həyata baxışınız ondan sonra dəyişməlidir, artıq siz Elizabeth-dən sonrakı sizsiniz, Elizabeth-dən sonrakı bizik.
Elizabeth bilmədən bizə çox böyük bir dərs verdi. Halbuki düşərgədə keçdiyimiz təlimlər də kifayət qədər sanballı, təsirli idi; Doğru ünsiyyət, sağlam qidalanma, gündəlik rutin, balanslı virtual, ideal insan, özünü dəyərləndirmə kimi təlimlər və onların təqdimatlarından sonra uşaqlar kifayət qədər gözəlliklərə məruz qalmışdılar. Ancaq Elizabeth-in hal diliylə anlatdığı bir başqa olmalıydı uşaqların həyatında.
Yaxşı niyyətlərlə hesablanaraq atılan hər bir addımın sonrasında hesablanmamış o qədər gözəlliklər olur ki, müşahidə edərkən şükür dolu bir qəhərə boğulmamaq əldə deyil.��Mənim o qədər gözəl bir işim var ki, anlatsam anladamam..
Şəkildəki yarpağı mənə hədiyyə etmişdi o anda, mən də istədim anı yaşadım. Yarpaq telefonumun arxasında durur, yəqin ki, hələ uzun müddət də duracaq.��Növbəti düşərgəyə qalan sayılı günlərin həyəcanı içərisindəyəm.. axı kim cənnəti üçün darıxmaz ki..?!