![İqlim Dəyişikliyi haqqında 10 mifMif 3. İstilik dalğaları və meşə yanğınlarının iqlim dəyişikliyi ilə heç bir əlaqəsi yo...](https://img5.travelagents10.com/740/118/1014413207401180.jpg)
20/01/2025
İqlim Dəyişikliyi haqqında 10 mif
Mif 3. İstilik dalğaları və meşə yanğınlarının iqlim dəyişikliyi ilə heç bir əlaqəsi yoxdur
İqlim dəyişikliyi, istilik dalğaları, meşə yanğınları və daşqınlar daxil olmaqla, ekstremal hava şəraitinin daha tez-tez və daha güclü olmasına səbəb olur. Sübutlar göstərir ki, 1950-ci illərdən bəri ekstremal isti dalğalarının sayı artıb və insan fəaliyyətindən qaynaqlanan iqlim dəyişikliyi bunun əsas səbəbidir. Qlobal istiləşmənin hər bir əlavə artımı ilə bu ekstremallıqlar daha da artır.
İqlim dəyişikliyi daha isti və quraq şərait yaratdığı üçün, hətta bir meşə yanğını insan fəaliyyəti nəticəsində başlasa belə, çox qurumuş bitkilər daha çox yanacaq təmin edir və havanın nisbi rütubəti daha aşağı olur. Bu isə yanğınların daha sürətlə və geniş yayılmasına şərait yaradır. Bundan əlavə, qlobal meşə yanğınları mövsümü daha uzun çəkir, çünki temperatur yüksəlir və quraqlıq dövrləri uzanır.
Meşə yanğınları bölgədə yaşayan insanlar və heyvanlar üçün dərhal təhlükə yarada bilər, həmçinin torpağa, bitki örtüyünə və bütöv ekosistemlərə zərər vura bilər. Meşə yanğınlarından yayılan tüstü və kül havanı, suyu və torpağı çirkləndirir.
2023-2024-cü illərdə dünya üzrə meşə yanğınları geniş miqyasda dağıntılara səbəb olub.
Kaliforniyada isə 2024-cü ilin sonunda başlayan meşə yanğınları ştat tarixinin ən dağıdıcı hadisələrindən biri hesab olunur. Yanğınlar nəticəsində 25 nəfər həlak olub, 26 nəfər itkin düşüb, minlərlə ev və müəssisə məhv edilib və 180 min nəfərə məcburi təxliyə əmri verilib. İqtisadi itkilər isə 250-275 milyard dollar arasında qiymətləndirilir ki, bu da 2024-cü ildəki "Helen" qasırğası və 2020-ci ilin bütün meşə yanğınları mövsümünün vurduğu zərərdən çoxdur.
Bu hadisələr göstərir ki, iqlim dəyişikliyi meşə yanğınlarının tezliyini və şiddətini artırır, bu da insanların həyatına, əmlakına və ətraf mühitə ciddi təsir göstərir.
Son illərin meşə yanğınları (2020-2024) ilə bağlı faktlar:
• Çili: 2023-cü ildə Çilidə baş verən meşə yanğınları 131 nəfərin həyatına son qoyub və geniş meşə sahələrini məhv edib.
• Havay, ABŞ: 2023-cü ildə Havay adalarında baş verən yanğınlar nəticəsində 100 nəfər həlak olub və ciddi dağıntılar qeydə alınıb.
• Yunanıstan: 2023-cü ildə Yunanıstanda meşə yanğınları 100 min hektardan çox ərazini əhatə edib və 19 nəfərin ölümünə səbəb olub.
• Son 20 ildə dünyada meşə yanğınlarının sayı iki dəfə artıb.
• 2023-cü ildə Kanadada 5 ay davam edən meşə yanğınları atmosferə çox böyük həcmdə karbon qazı buraxıb, bu da qlobal istiləşməni sürətləndirir.