Bərdə Rəsm Qalereyası

Bərdə Rəsm Qalereyası Bərdə Dövlət Rəsm Qalereyası

21/01/2025

Azərbaycan-Gürcüstan münasibətlərində yeni mərhələ

Yanvarın 17-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdilər. Görüşdə hər iki ölkə arasındakı siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrindəki əməkdaşlıq və gələcək perspektivlər müzakirə olundu. Bu görüş iki dövlət arasında tarixi əlaqələrin davamlılığını və regionun sabitliyinə verdiyi töhfələri bir daha nümayiş etdirdi.
Azərbaycan və Gürcüstanın əsrlər boyu davam edən dostluq və mehriban qonşuluq əlaqələri bu gün də müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etməkdədir. Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin qısa zaman ərzində Azərbaycana üçüncü dəfə səfər etməsini iki ölkə arasında əlaqələrin dərinliyinin və strateji xarakterinin göstəricisi kimi dəyərləndirdi. Eyni zamanda, İ.Kobaxidze Gürcüstanda keçirilən parlament seçkilərindən sonra ilk xarici səfərini Azərbaycana edərək, iki dövlət arasındakı regional əməkdaşlığa və strateji tərəfdaşlığa verilən yüksək önəmi nümayiş etdirdi.
Azərbaycan və Gürcüstan arasında enerji əməkdaşlığı təkcə ikitərəfli deyil, həm də qlobal miqyasda xüsusi əhəmiyyət daşıyır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında bu dövlətlərin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya və parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu platformaları vacib rol oynayır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan 11 ölkəyə Gürcüstan tranziti vasitəsilə təbii qaz ixrac edir və bu rəqəmin artacağı gözlənilir. Bu əməkdaşlıq Gürcüstanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Statistikaya əsasən, Gürcüstanın təbii qaz istehlakının 80%-dən çoxu Azərbaycanın payına düşür. Bundan əlavə, ölkələr yaşıl enerji layihələrində də birgə addımlar atır. Xüsusilə bərpa olunan enerji mənbələri üzərində işlər hər iki hökumətin məsuliyyətini və gələcək inkişaf perspektivlərini ortaya qoyur.
Görüşdə, həmçinin Orta Dəhliz layihəsi, nəqliyyat infrastrukturunun inkişafı və rəqəmsallaşdırılması məsələləri müzakirə olundu. Azərbaycan və Gürcüstanın strateji mövqeyi Avropa ilə Asiya arasında körpü rolunu oynamağa imkan verir. Bu istiqamətdə həyata keçirilən layihələr yalnız region ölkələrinin deyil, həm də qonşu ölkələrin iqtisadi əlaqələrinin güclənməsinə xidmət edir. Gürcüstan və Azərbaycanın nəqliyyat infrastrukturlarını paralel şəkildə inkişaf etdirməsi və rəqəmsal texnologiyaların tətbiqi bu sahədə daha səmərəli nəticələr əldə etməyə imkan verir.
Azərbaycan Gürcüstan iqtisadiyyatına indiyədək 3,6 milyard ABŞ dolları həcmində sərmayə yatırmışdır. Bu, iki dövlət arasındakı iqtisadi əlaqələrin nə qədər dərin olduğunu göstərir. Prezident İlham Əliyev Gürcüstanda sərmayələr üçün yaradılan müsbət iqlimi yüksək qiymətləndirərək, bu əməkdaşlığın davamlı inkişafını vacib hesab etdiyini bildirdi.
Görüş zamanı dövlətimizin başçısı Gürcüstanın siyasi sabitliyinin Cənubi Qafqazda ümumi sülh və inkişaf üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı. Gürcüstanın “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi bu sabitliyin davamlılığını təmin edən mühüm amillərdən biri kimi dəyərləndirilir.
Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq regionda sabitlik, inkişaf və təhlükəsizliyin təmin olunmasında həlledici rol oynayır. İki dövlət arasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam edir. Bu əlaqələr həm regional, həm də qlobal səviyyədə tərəflərin maraqlarına uyğun olaraq qarşılıqlı fayda prinsipi üzərində qurulmuşdur. Görüş iki dövlətin birgə həyata keçirdiyi layihələrin yalnız bu gün deyil, gələcək nəsillər üçün də dayanıqlı inkişaf platforması yaradacağını bir daha təsdiqlədi.

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Bərdə Dövlət Rəsm Qalereyasının  əməkdaşları Şəhidlər Xiyabanını ziyarə...
20/01/2025

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Bərdə Dövlət Rəsm Qalereyasının əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər.

20/01/2025

20 Yanvar faciəsinin 35-ci ildönümü

Sovet dövründə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi.
Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi.
Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilmişdir.
“Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar.
Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı.
Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.
20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatmış, Sov.İKP üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etmişlər.
20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başlamışdı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər.
1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.
Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.” - Ulu Öndər Heydər Əliyev.
Ulu Öndər Heydər Əliyev Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələb etdi: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”.
Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib.
Yanvar faciəsinin tədqiqi ilə bağlı aparılan bütün işlər daim Ulu Öndər Heydər Əliyevin diqqətində olub. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda şəhidlərini vermişdir.
1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Prezident Heydər Əliyev bu barədə belə deyirdi: “...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər.”
Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.
1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. 20 Yanvar ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.
20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
20 Yanvar hadisələri dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərib. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.

Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə Dövlət Rəsm Qalereyasının əməkdaşları  18.01.2025-ci il ta...
17/01/2025

Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə Dövlət Rəsm Qalereyasının əməkdaşları 18.01.2025-ci il tarixdə 20 Yanvar faciəsinin 35 ci ildönümü ilə əlaqədar şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuşdur. Daha sonra "20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir" adlı sərgi təşkil edilmişdir.
Sərgiyə Bərdə rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Bərdə şəhər Mədəniyyət Sarayı, 1 saylı tam orta məktəbin şagirdləri baxış keçirmişdir.

11/01/2025

Yeni strateji məqamlar və milli prioritetlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibə, 2024-cü ilin sosial-iqtisadi yekunları, beynəlxalq əlaqələr, regional təhlükəsizlik və digər mühüm məsələlərlə bağlı ətraflı məlumatlar təqdim edib. Müsahibə zamanı müxtəlif sahələrdə əldə edilmiş uğurlar və qarşıda duran vəzifələr izah edilərək, Azərbaycanın cari mövqeyi və gələcək planları geniş şəkildə şərh edilib.
Cənab İlham Əliyevin sözlərinə görə, 2024-cü il Azərbaycan üçün iqtisadi inkişaf baxımından uğurlu il olmuşdur: “Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir. Hesab edirəm ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Çünki bildiyiniz kimi, biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və hesab edirəm ki, aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək...”.
ÜDM-in 4 faizdən çox artması qlobal iqtisadi çətinliklər fonunda Azərbaycanın maliyyə dayanıqlılığını və iqtisadi potensialını nümayiş etdirir. Dövlətin diqqət mərkəzində qeyri-neft sektorunun inkişafı dayanır ki, bu da iqtisadiyyatın şaxələndirilməsi strategiyasının uğurlu nəticəsidir. Neft hasilatındakı tənəzzülün sabitləşdirilməsi ümumi iqtisadi göstəricilərin mənfi təsirlərdən qorunmasına töhfə verib. Hökumətin bu sahədə apardığı islahatlar enerji sektorunda sabitliyi təmin etməklə yanaşı, gələcək inkişaf üçün möhkəm zəmin yaradır. Qeyri-neft sektorundakı nailiyyətlər Azərbaycanın dayanıqlı və diversifikasiya edilmiş iqtisadi modelə keçidində mühüm addım hesab edilir. Bütün bu uğurlar, həmçinin dövlətin beynəlxalq arenada iqtisadi mövqeyinin güclənməsini dəstəkləyir və Azərbaycanı dünya birliyində etibarlı tərəfdaş kimi tanıdır.
Müsahibədə diqqət çəkən məqamlardan biri də Qazax rayonunun dörd kəndinin Ermənistan işğalından azad edilməsi olub. Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinin hər hansı dialoqu mümkünsüz etdiyini və danışıqlar prosesindən yalnız işğalı davam etdirmək üçün bir alət kimi istifadə etdiyini bildirib. Dövlətimizin başçısı qeyd edib: “Bu yaxınlarda mətbuatda çıxan informasiya - məhz Ermənistanın birinci prezidentinin faşist bəyanatı bizim prinsipcə kifayət qədər çoxdan bildiyimizi bir daha təsdiq edir: Ermənistan Azərbaycan ərazilərinin bir santimetrini belə azad etmək istəmirdi. Onlar hesab edirdilər ki, bir müttəfiqdən milyardlarla dollarlıq pulsuz silah, digər ikisindən isə siyasi və mənəvi dəstək aldıqlarına görə özlərini rahat hiss edirlər. Beləliklə, ATƏT-in Minsk qrupunun üç həmsədrinin hamısı mənim cavab verdiyim həmin dövrdə birmənalı olaraq işğalçının tərəfində idi...”.
Qazaxın kəndlərinin azad olunması, delimitasiya və demarkasiya proseslərinin eyni vaxtda həyata keçirilməsi unikal hadisədir. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistanı buna vadar edən əsas amillərdən biri Vətən müharibəsi və Azərbaycanın antiterror əməliyyatları olub. Bu proses Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində növbəti mühüm addım kimi dəyərləndirilir.
Xarici havadarlarının dəstəyi ilə Ermənistan bir müddət qanunsuz işğalını davam etdirsə də, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qətiyyətli mövqeyi və strateji siyasəti sayəsində bu planları tamamilə iflasa uğratdı. Dövlətimizin prinsipial siyasəti beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq Ermənistanın işğalçı niyyətlərini alt-üst etdi. Azərbaycanın həyata keçirdiyi ardıcıl və məqsədyönlü addımlar hərbi-siyasi və diplomatik müstəvidə möhtəşəm qələbələrimizi şərtləndirdi. Bu yanaşma beynəlxalq ictimaiyyətə Azərbaycanın ədalətli mübarizəsinin hüquqi və mənəvi baxımdan tam haqlı olduğunu sübut etdi. Eyni zamanda, Azərbaycan dövləti bölgədə sülh və sabitliyin əsas təminatçısı kimi öz mövqeyini daha da gücləndirərək həm regionda, həm də beynəlxalq miqyasda nüfuzlu strateji tərəfdaş kimi tanındı.
Dövlət başçısının diqqət çəkdiyi digər mühüm məsələ isə Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsidir. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı verdiyi açıqlamalar Azərbaycanın bu bölgələrin yenidən qurulması istiqamətində ciddi addımlar atdığını göstərir. Bərpa işlərinə ayrılacaq maliyyə vəsaitinin miqdarı və daha çox vəsaitin sərf edilə biləcəyi vurğulanıb, bu da Azərbaycanın bərpa prosesinə olan ciddi yanaşmasını nümayiş etdirir. Həmçinin, keçmiş köçkünlərin evlə təmin edilməsi və müxtəlif sahələrdə işlə təmin olunmaları azad edilmiş ərazilərin sosial-iqtisadi baxımdan inkişaf etdirilməsi üçün atılan mühüm addımlardır. Bu addımlar, həmçinin regionun yenidən qurulması və sabitliyin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın 2024-cü ildə əldə etdiyi siyasi və iqtisadi uğurlar dövlətin düzgün strateji yol seçdiyini bir daha təsdiq edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın iqtisadi müstəqilliyi, siyasi müstəqilliyinin əsas təminatıdır. Qeyri-neft sektorunun inkişafı, valyuta ehtiyatlarının artırılması və ərazi bütövlüyünün təmin olunması istiqamətində atılan addımlar Azərbaycanı regionun lider ölkəsi mövqeyinə yüksəldir. Cari ildə həm iqtisadi, həm də siyasi sahələrdə daha böyük uğurların əldə edilməsi planlaşdırılır. Bu, xalqın sosial rifahını artırmaq və dövlətin regional liderlik mövqeyini gücləndirmək üçün möhkəm bir zəmin yaradır.

30/12/2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib

Cənab Prezident qeyd edib ki, Bakıya gələn kimi burada hava limanında operativ müşavirə keçirdim. Hələ Bakıya qayıdarkən mənim göstərişimlə Dövlət Komissiyası yaradılmışdır və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilmişdir. Çünki onlar dərhal işə başlamalı idilər. İlk növbədə, təyyarənin qalıqlarının vəziyyəti ilə tanış olmalı idilər, yerində müşahidə aparmalı idilər, video və fotomateriallar əldə etməli və onları ictimaiyyətə təqdim etməli idilər.
Eyni zamanda, Azərbaycan həkimlərindən ibarət qrup ezam edilmişdi. Baxmayaraq ki, Qazaxıstan tərəfi yaralıları sağaltmaq və onlara tibbi xidmət göstərmək üçün əlindən gələni əsirgəmirdi. Eyni zamanda, mənim göstərişimlə Azərbaycan Baş Prokurorluğu cinayət işi açmışdır və bilirəm ki, həm Qazaxıstanda, həm Rusiyada oxşar addımlar atılmışdır.
Təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik.
Təbii ki, qəzanın təfərrüatları tam araşdırılacaq. Bundan mənim şübhəm yoxdur. Onu da bildirməliyəm ki, Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır.
Ona görə biz həm Qazaxıstan tərəfi ilə sıx təmasda olarkən bu mövqeyimizi bildirdik, həm də Rusiya tərəfinə mövqeyimizi bildirdik ki, ancaq beynəlxalq ekspertlərdən ibarət işçi qrup yaradılmalıdır və yaradılmışdır. Orada təyyarənin istehsalçı şirkəti – “Embraer”in nümayəndələri, Braziliyanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri də var. Ancaq aparıcı rollarda yox, sadəcə olaraq, işçi qrupun tərkibində olan üzvlər kimi. Yenə də deyirəm, “qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək. Məsələn, təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərmişdir? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu? Çünki onu da bildirməliyəm ki, bu, açıq-aydın faktı inkar etmək və burada gözdən pərdə asmaq cəhdləri həm cəfəngiyyatdır, həm də ağılsızlıqdır. Çünki xoşbəxtlikdən ekipajın qəhrəmanlığı sayəsində elə hadisə baş verdi ki, təyyarə enə bildi, qəza enişi olsa da, təyyarə enə bildi. Sərnişinlərin bir çoxu xilas edildi, onların ifadələri var. Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır.
Ona görə də “qara qutu”lar açılandan sonra bilinəcək ki, nə üçün təyyarə enə bilməyib? Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb? Nə üçün yaxında olan hava limanlarına təyyarə eniş cəhdi etməyib, daha yaxın Minvod və Mahaçqala hava limanları idi. Təyyarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi? Müxtəlif fərziyyələr var. Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən göndərildi ki, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək. Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcək. Bəzi mütəxəssislərin fikirlərinə görə, Aktau ona görə seçilmişdir ki, orada açıq məkandır və yaşayış yerləri hava limanından uzaqdır və təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq və bunun üçün daha uyğun yer seçmişdi. Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi. Yəni, bütün bu suallara hələ ki, cavab yoxdur. Biz Azərbaycan tərəfi və şəxsən mən maksimum ədalətli olmağa çalışırıq. Biz hansısa tam aydın olmayan məsələləri, bu məsələlər aydınlaşmadan bu barədə fikir söyləmək istəmirik. Ancaq açıq-aydın olan məsələlərdə biz tam qətiyyətlə öz fikrimizi deməliyik, deyirik və deyəcəyik. Mən qəza baş verən gün burada - hava limanında öz çıxışımda söylədim ki, Azərbaycan ictimaiyyəti müntəzəm olaraq bu məsələ ilə, bu istintaqın gedişatı ilə bağlı məlumatlandırılacaq və məlumatlandırılır.
Bu gün mən vida mərasimində iştirak etdim, həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verdim. Bu gün ekipaj üzvlərinin təltifi ilə bağlı mənim Sərəncamım olacaq. Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Bax bu faktdır və bu faktı heç kim dana bilməz. Yenə də biz demirik ki, bu, qəsdən edildi, amma bu, edildi.
Pilotlar və ekipaj üzvləri - onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər. Xüsusilə mən qadın ekipaj üzvlərini qiymətləndirməliyəm. Onlar özləri stres vəziyyətində idi. Ancaq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün görün, onlar nə qədər böyük insani davranış göstərmişlər. Onların fəaliyyəti, yenə də deyirəm, Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndiriləcək. Allah ölən ekipaj üzvlərinə və bütün həlak olanlara rəhmət eləsin və biz sağ qalanlara Allahdan şəfa diləyirik. Sağ qalanların böyük hissəsi artıq Bakıdadır. Onlar Qazaxıstanda dərhal müalicə almışlar. Bəziləri hələ ki, müalicə alır və imkan olan kimi onlar da Azərbaycana təxliyə ediləcəklər.
Prezident Tokayevə minnətdarlığımı ifadə etmək üçün zəng etdim. Çünki biz bilirdik və məlumat əldə etmişdik ki, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişdilər və insanları o dağılmış füzelyajdan çıxartmağa başlamışdılar. Öz həyatlarını risk altına atmışdılar. Çünki onlar bilmirdilər ki, növbəti partlayış olacaq, yoxsa yox. Çünki təyyarənin bir hissəsi yanmışdı və bu hissədə yana bilərdi. Amma buna baxmayaraq, onlar da əsl qəhrəmanlıq göstərmişdilər. Eyni zamanda, həkim personalının fəaliyyəti də çox qiymətli idi. Çünki yaralı sərnişinlər dərhal tibb məntəqələrinə aparıldılar və buna görə də Prezident Tokayevə mən təşəkkürümü bildirdim. Qazaxıstanlı qardaşlarımızın, bacılarımızın həmrəylik nümayişi də mən bilirəm ki, Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, bizimlə həmrəy olduqlarını bildirdilər. Əsl dostluq, qardaşlıq belə olar. Eyni zamanda, mən Prezident Tokayevlə söhbət zamanı Azərbaycanın istintaqla bağlı mövqeyini də bildirdim və bax, sizə dediyim məsələləri də onun diqqətinə çatdırdım ki, biz beynəlxalq ekspertizanın tərəfdarıyıq və heç cür bu məsələni Dövlətlərarası Aviasiya Komitəsinin sərəncamına verə bilmərik. Bu mövqe də anlayışla qarşılandı. Təbii olaraq, bizim dövlət qurumlarımızın nümayəndələri, komissiyanın üzvləri və rəhbərləri, prokurorluq orqanlarının nümayəndələri daim təmasdadırlar. Qazaxıstan da öz növbəsində Dövlət komissiyası yaratmışdır və Prezident Tokayev söhbət zamanı bu barədə mənə məlumat vermişdi. Onlar da təbii olaraq istəyirlər və çalışırlar ki, məsələ tam təfərrüatları ilə açılsın. Eyni zamanda, mən Prezident Tokayevə də başsağlığı verdim, çünki qəza nəticəsində altı Qazaxıstan vətəndaşı həlak olmuşdu. O da mənə başsağlığı vermişdi. Yəni, bu nə qədər ağır hadisə olsa belə, eyni zamanda, bir sınaq məsələsi idi. Yəni, bu sınaqdan kim necə çıxacaq? Mən şadam ki, yenə də bu faciəyə baxmayaraq, görürəm və əminəm ki, Qazaxıstanda da eyni fikirdədirlər. Bizim dostluğumuz, qardaşlığımız bu ağır vəziyyətdən sonra daha da gücləndi.
Rusiyanın bir çox şəhərlərində vaxtaşırı hava məkanı bağlanır, orada xüsusi əməliyyat rejimi tətbiq edilir. Onlar buna “kavyor əməliyyatı” deyirlər və birinci sualda dediyim məsələlərə qayıdarkən onu da bildirməliyəm. Bir şeyin də üstü açılmalıdır ki, o “kavyor əməliyyatı” nə vaxt elan edildi? Çünki bizdə olan məlumata görə, artıq təyyarəmiz xarici təsirə məruz qaldıqdan sonra o “kavyor əməliyyatı” elan edilmişdi. Yəni, əgər bu belədirsə, bir daha göstərir ki, yerli xidmətlər bu məsələni ört-basdır etmək üçün etdilər.
AZAL-ın uçuşlarına gəldikdə, AZAL Rusiyanın yeddi şəhərinə öz uçuşlarını dayandırdı, müddətsiz olaraq. Eyni zamanda, biz Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşlarını da dayandırmışıq. Deməli, toplam 10 şəhərlə bizim hava bağlantımız indi dayandırılıb və yenə də deyirəm, burada, ilk növbədə, təhlükəsizlik məsələləri ön plandadır. Biz sərnişinlərimizin təhlükəsizliyini həmişə ön sırada olan məsələ kimi qəbul etmişik və beləliklə, bu vəziyyət elan edildi. Biz nəyi ediriksə açıq-aydın edirik və yenə də deyirəm, bu qərar qəbul edildi və nə vaxt bu uçuşlar bərpa ediləcək, yoxsa yox, xüsusilə Qroznı şəhərinə bərpa ediləcək, yoxsa yox? Çox güman ki, yox. Amma bunu həyat göstərər və Rusiya hava məkanının təhlükəsizlik məsələləri də əlbəttə ki, nəzərə alınacaqdır.
Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək.
Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslər təltif edilmişdir. Sərəncama əsasən Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç, Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş, Əsədov Zülfiqar Sərdar oğlu, Rəhimli Aydan Vaqif qızı isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişlər.

Address

H. Əliyev Pro . 84
Barda

Telephone

0202056536

Website

Alerts

Be the first to know and let us send you an email when Bərdə Rəsm Qalereyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bərdə Rəsm Qalereyası:

Videos

Share