Yeni Gence

Yeni Gence Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının mətbu orqanı kimi 1996-cı ilin iyun "Qaynar Xətt" - +994222567605

"Yeni Gəncə" qəzeti 1996-cı ildən fəaliyyət göstərir və ölkəmizin ictimai, siyasi, sosial və mədəni həyatında olan yenilikləri oxuculara çatdırır. Redaksiyamız Gəncə şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını aktiv əməkdaşlığa dəvət edir.

https://www.yenigence.com/tarixin-sinagindan-cixmis-guclu-mutt%c9%99fiqlik-%c9%99laq%c9%99si/Tarixin sınağından çıxmış g...
22/01/2025

https://www.yenigence.com/tarixin-sinagindan-cixmis-guclu-mutt%c9%99fiqlik-%c9%99laq%c9%99si/
Tarixin sınağından çıxmış güclü müttəfiqlik əlaqəsi

Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ilk rəsmi səfərinin ölkəmizə etməsi Azərbaycanla Gürcüstanın mehriban qonşuluq və tarixi dostluq əlaqələrinin möhkəm təməl üzərində qurulduğunun, bu gün də yüksələn xətlə inkişaf etdiyinin təsdiqi oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 17-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuata verdikləri bəyanatlar hər iki ölkənin ikitərəfli əlaqələrinin yeni bir mərhələyə qədəm qoyduğundan xəbər verir.
“Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar”. Ölkə Prezidenti İlham Əliyevin söylədiyi bu fikirlər hər iki xalqın maraqlarına uyğun olaraq siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələrinin inkişafının yüksək səviyyədə olduğunu nümayiş etdirir.
Ölkə Başçımız cənab İlham Əliyevin qeyd etdiyi kimi, ancaq uğurlarımıza sevinmək olar:”Sizin partiyanızın qələbəsi bütövlükdə Cənubi Qafqazın bundan sonra sabit region olması üçün xüsusi əhəmiyyət daşıyır və biz bu qələbəyə Sizin dostunuz, qardaşınız kimi sevinirik. Sizin hökumətinizə fəaliyyətində yeni uğurlar arzulayırıq”.
Hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən Azərbaycan və Gürcüstanın əməkdaşlıq əlaqələri Qafqazın geopolitikasında ən güclü müttəfiqlik əlaqələridir. Bu ölkələrin qardaşlıq, dostluq əlaqələrinin getdikcə daha da inkişafı təkcə ölkələrimiz üçün deyil, region, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyan layihələrin reallaşdırılmasına şərait yaradıb. Xüsusi ilə, hər iki ölkənin tarixi İpək Yolu üzərində yerləşməsi irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılmasına, regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırmağa imkan verib. Energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. İki qardaş ölkənin birgə həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir.
İşgüzar səfər zamanı hər iki ölkənin yaxın tərəfdaş kimi fəaliyyət göstərdiyi, böyük coğrafiyanı əhatə edən Orta Dəhliz layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Mətbuata bəyanatında ölkə Prezidentimiz cənab İlham Əliyev həmçinin vurğulayıb ki, Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Azərbaycanda da bu layihələr icra olunur, o cümlədən nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihəsi. Yəni, biz bu işləri paralel apararaq təbii ki, həm ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər göstəririk.
Regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən bir – Gürcüstan arasında ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlərin həyata keçirilməsi, ölkələrimiz arasında ikitərəfli strateji əlaqələrin daha da möhkəmləndirilməsi Azərbaycan və Gürcüstan əlaqələrinin, iqtisadi, mədəni və siyasi münasibətlərin daha da zənginləşdirilməsinə töhfə olacaq. Ən əsası isə Azərbaycan və Gürcüstan dostluğu Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin qorunmasına böyük ərməğandır.

Bayram Aslanov, YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Gürcüstanın Baş naziri…

https://www.yenigence.com/xalqimizin-yasadigi-tarixi-faci%c9%99l%c9%99rin-qisasi-alindi/Xalqımızın yaşadığı tarixi faciə...
21/01/2025

https://www.yenigence.com/xalqimizin-yasadigi-tarixi-faci%c9%99l%c9%99rin-qisasi-alindi/
Xalqımızın yaşadığı tarixi faciələrin qisası alındı
Orxan Əhmədov,

YAP Gəncə şəhər təşkilatının sədr müavini

Azərbaycan tarixinə qəhrəmanlıq və şərəf səhifəsi kimi düşən 20 Yanvar faciəsindən- o qanlı gündən 35-ci il ötür. Xalqımızın müstəqillik, suverenlik arzusu, niyyəti və bu istiqamətdə siyasi oyanışı o dövrdə Sovet hökumətini ciddi narahat edirdi. Xalqımızın bu arzusunu boğmaq üçün cinayət əməlinə, soyqırıma, qırğına əl atıldı, Bakıya qoşun göndərildi, tarixdə tayı bərabəri olmayan qanlı hadisə – 1990-cı il 20 Yanvar faciəsi yaşandı.

Xalqımıza qarşı erməni millətçilərinin məqsədyönlü şəkildə həyata keçirdikləri etnik təmizləmə, soyqırımı siyasətinin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlardan qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olub. 1918-ci ilin mart soyqırımları isə Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olmaqla yanaşı öz amansızlığına, miqyasına görə bəşər tarixinin ən qanlı faciələrdən biridir.

Son 200 il ərzində tarixi, əzəli-əbədi torpaqlarından qovulan, qaçqına, məcburi köçkünə çevrilən, kütləvi qırğınlarla məruz qalan məhz Azərbaycan xalqı olub. Soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadratkilometr ərazisini itirib, 1991-1993-cü illərdə isə torpaqlarımızın 20 faizi işğal edilib. Bütövlükdə isə 2,5 milyon nəfər azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olub. Sərsəm, mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmiş erməni millətçiləri 1918-ci ilin mart-aprel aylarında da Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirib, insanları işgəncələrə məruz qoyublar. Yaşayış məntəqələri dağıdıb, mədəniyyət abidələrini, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və qəbiristanlıqları yerlə-yeksan ediblər. Erməni cəlladları Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, uşaq, qoca, qadın demədən dinc əhalini xüsusi amansızlıqla qətlə yetiriblər. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar da qılıncdan, süngüdən keçirərək diri-diri yandırılıb.

Bu dəhşətli faciədən düz 80 il sonra – 1998-ci il martın 26-da Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla həmin dəhşətli hadisələrə hüquqi – siyasi qiymət verildi, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan olundu. Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, araşdırmalar aparılıb. Quba şəhərində aşkarlanan kütləvi məzarlıq, tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olmasının təsdiqidir.

Azərbaycan xalqına qarşı zaman-zaman erməni millətçilərinin keçirdikləri etnik təmizləmə, soyqırımı siyasətinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən fərman və sərəncamlar imzalanıb. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində ərazi bütövlüyümüzü, suveren hüquqlarımızı bərpa etdi. Erməni faşistlərinin darmadağın etdiyi, xarabaya çevirdiyi doğma torpaqlarımızda yenidən quruculuq işlərinə başlayıb, tezliklə bu yerlərə həyat qayıdacaq.

Erməni millətçiləri tərəfindən törədilən “31 mart azərbaycanlıların soyqırımı”ndan 1 əsrdən çox vaxt keçib. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sözləri ilə desək, “bu ağır faciələr xalqımızı daha da mətinləşdirmiş, müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”. 44 günlük Vətən müharibəsində 200 il ərzində, o cümlədən, Xocalıda, Qaradağlıda, Ağdabanda, Ballıqayada və eləcə də digər ərazilərdə erməni vandallarının azərbaycanlılara qarşı amansızlıqlarının, qəddarlıqlarının, xalqımızın yaşadığı tarixi faciələrin qisası alındı, erməni terrorçularının, erməni cinayətkarlarının layiqli cavabı verildi.

https://www.yenigence.com/20-yanvar-milli-azadliq-h%c9%99r%c9%99katinin-zirv%c9%99si/20 Yanvar – milli azadlıq hərəkatın...
20/01/2025

https://www.yenigence.com/20-yanvar-milli-azadliq-h%c9%99r%c9%99katinin-zirv%c9%99si/
20 Yanvar – milli azadlıq hərəkatının zirvəsi
Çinarə Səfərova,

ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi

20 Yanvar Azərbaycan xalqının tarixində ən ağrılı faciələrdən biridir. Eyni zamanda, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Xalq ilk dəfə olaraq boyunduruqdan xilas olmaq uğrunda mübarizəyə qalxdı. Bu hadisə SSRİ-ni dağıdan amillərdən biri oldu. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı. Tariximizin 20 Yanvar səhifəsi imperiya güllələrinin səsindən açılsa da, şəhidlərimizin qanı ilə yazıldı. Həm də əbədi olaraq. Milli maraqlara zidd addımlar atan Azərbaycanın o zamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsi və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxması Azərbaycanı cəzalandırmaq üçün Kreml tərəfindən Qanlı Yanvar qırğınının törədilməsi ilə nəticələndi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və Nasoslu aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 20 Yanvar faciəsi Sovet rejiminin iç üzünü açdı. Sovet rejimi ən müasir hərbi texnikanı əliyalın xalqın üzərinə yeritdi. Yanvarın 19-da SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin «Alfa» qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində Azərbaycan Televiziyasının enerji bloku partladılmışdı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın. Halbuki, həmin vaxt 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən Salyan qışlasının giriş-çıxış yolları kəsilmişdi. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. «Bakı əməliyyatı»na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dimitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirdilər. Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların – qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər. Bakıya yeridilən əsgər və zabitlərə demişdilər ki, «islam fundamentalistləri», «pantürkistlər» Azərbaycanda Sovet hakimiyyətini ələ keçiriblər, ona görə də onları məhv etmək və Sovet hakimiyyətini yenidən bərqərar etmək lazımdır. Məhz azərbaycanlılara qarşı nifrət hissi ilə köklənən, spirtli içkilər vasitəsilə qızışdırılaraq şəhərə hücum edən əsgər və zabitlər qadınlara, qocalara, uşaqlara, hətta təcili yardım maşınlarının sürücülərinə və həkimlərə fərq qoymadan atəş açmış, onları vəhşicəsinə qətlə yetirmişdilər. Tanklar və BTR-lər içi insanlarla dolu minik maşınlarını əzib keçirdilər. Xəstəxanaların işıqlarını kəsmişdilər ki, yaralılara tibbi yardım göstərmək mümkün olmasın. Qanlı qırğına etirazını bildirmək üçün Bakı buxtasına gəlmiş «Xəzərneftdonanması»nın gəmiləri hərbi gəmilər tərəfindən mühasirəyə alınaraq gülləbaran edilmiş, onlarla dənizçi həbs olunmuşdu. Lakin bütün bunlar nəinki Azərbaycan xalqının gözünü qorxutdu, əksinə onun Sovet imperiyasına qarşı nifrətini qat-qat artırdı… – Xalq avtomat süngülərinin, tank lülələrinin ona tuşlanmasından qorxmayıb öz şəhidlərini küçə və meydanlardan topladı. Topun-tüfəngin hər küçədə, hər tində qoyulmasına, fövqəladə vəziyyət rejiminə baxmayaraq, yanvarın 22-də xalq öz şəhidlərini «Azadlıq» meydanından son mənzilə – Şəhidlər xiyabanına yola saldı. Dünyanın heç bir ölkəsində şəhidlərimizin dəfn mərasimindəki kimi izdihama təsadüf edilməyib. Azərbaycan xalqı 40 gün matəm saxladı. Xalq aclığa dözdü, lakin etiraz əlaməti olaraq 40 gün tətil etdi. 20 yanvar hadisəsi nəticəsində Əbdürrəhman Vəzirov respublikadan qaçdı. Azərbaycan Xalq Cəbhəsinin liderləri də qaçıb gizləndilər. Xalq başsız qaldı. Bu zaman sərt nəzarət altında yaşayan böyük dövlət və siyasi xadim Heydər Əliyev, oğlu İlham Əliyev və digər ailə üzvləri Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlib keçirdiyi mətbuat konfransında bəyanat verdi, baş verən hadisəni hüquqa zidd, demokratiyaya yad və humanizm prinsiplərinin əleyhinə olan kimi qiymətləndirdi. Bu cəsur hərəkəti ilə Heydər Əliyev ən çətin anda təkcə xalqının yanında olmadı, eyni zamanda, informasiya blokadasının yarılmasında, Azərbaycanda baş verən qanlı hadisələrin dünyaya çatıdırılmasında müstəsna rol oynadı. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına gətirib çıxardı.
Azərbaycan xalqı 1990-cı il yanvarın 20-də bütün dünyaya göstərdi ki, Vətən sevgisi hər şeydən yüksəkdir və bu xalq Vətən üçün ölümün gözünə dik baxmağı bacarır və heç nədən qorxmur. Xalqımızın qəhrəman övladları qəlbimizdə, beynimizdə azadlıq toxumu əkdilər, yolumuza işıq saçdılar. Həmin toxumun cücərtiləri Vətən müharibəsində Qələbəmizi təmin etdi. Müstəqilliyimiz əbədidir, sarsılmazdır, Qarabağımız azaddır, 30 il torpaq həsrəti ilə yaşayan soydaşlarımız Böyük Qayıdışın sevincini yaşayır. 2020-ci ildə Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi uğrunda həyata keçirdiyi hərbi əməliyyatlar Zəfərlə nəticələndi. Bu gün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin, o cümlədən də 20 Yanvar şəhidlərinin ruhları şaddır.

Çinarə Səfərova, ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi 20 Yanvar Azərbaycan xalqının tarixində ən…

https://www.yenigence.com/xalqin-milli-azadligina-must%c9%99qilliyin%c9%99-acilan-yol/Xalqın milli azadlığına, müstəqill...
20/01/2025

https://www.yenigence.com/xalqin-milli-azadligina-must%c9%99qilliyin%c9%99-acilan-yol/
Xalqın milli azadlığına, müstəqilliyinə açılan yol
müəllif Hicran Məmmədova 20/01/2025
Xalqın milli azadlığına, müstəqilliyinə açılan yol
Ümid Şükürov,
Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı, Gəncə şəhər Sukanal İdarəsinin Mənbələrin və Su anbarlarının istismarı sahəsinin rəisi, YAP Gəncə şəhər 152 saylı ərazi partiya təşkilatının sədri, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü

Ötən əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti məxsusi yer tutur. Bu faciə bəşəriyyət, insanlıq, mənəvi dəyərlər, humanizm əleyhinə törədilmiş bir dəhşətli xəyanət idi.

Qanlı 20 Yanvar günü Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi.

Yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycana yeridilən SSRİ-nin xüsusi təlim görmüş və xalqımızın qanına susamış erməni mənşəli əsgərlərin də olduğu qoşunlar Bakı küçələrində guya asayişi qorumaq, rusları millətçi cəbhəçilərin təhqir və ölüm təzyiqlərindən qurtarmaq niyyəti daşısa da, şəhərə girər-girməz qarşılarına çıxan kim varsa, qətlə yetirdilər. Azərbaycan xalqına qarşı tuşlanmış bu faicənin miqyası həm öldürülənlərin içində azyaşlıların, qadınların olması, həm də etnik baxımdan rus, yəhudi olan vətəndaşlarımızın da qətlə yetirilməsində görünürdü. Bu, Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi.

Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu sındıra bilmədi.

Azərbaycanı görmək istəməyənlər 20 Yanvardan sonra xalqımızı görməyə, onun əzmini, iradəsini etiraf etməyə məcbur oldular. Həm də 20 Yanvar hadisələri SSRİ-nin tam çöküşünün, məhvinin əsasını qoydu.

Xalqımızın dahi oğlu, böyük şəxsiyyət Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar 1990-cı il) öz həyatını təhlükə və risk altına qoyaraq, ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, tarixi bəyanatla çıxış etdi, başda Qorbaçov olmaqla, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etdi. Bu hadisə, bu addım həmin günlərdə Azərbaycan xalqına böyük mənəvi dəstək oldu, ona güc verdi, onun ruhuna ruh qatdı, mübarizə əzmini birəbeş artırdı, istiqlal mücadiləsini daha da coşdurdu, alovlandırdı.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.

20 Yanvar gecəsində həlak olan Vətən oğulları Azərbaycanın tarixində parlaq səhifə yaratdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Nə qədər Azərbaycan var, azərbaycanlılar var, 20 Yanvar faciəsi və eyni zamanda, bu qəhrəmanlıq salnaməsi unudulmayacaqdır!

https://www.yenigence.com/xalqimizin-hurriyy%c9%99t-ugrunda-mubariz%c9%99-%c9%99zminin-numayisi/Xalqımızın hürriyyət uğr...
17/01/2025

https://www.yenigence.com/xalqimizin-hurriyy%c9%99t-ugrunda-mubariz%c9%99-%c9%99zminin-numayisi/
Xalqımızın hürriyyət uğrunda mübarizə əzminin nümayişi
Türkan Əhmədova,

ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O gecə Azərbaycan xalqı sınağa çəkildi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxdı, həm də ona başçılıq edənlərin kimliyi bəlli oldu.

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə hamı eyni dərəcədə kükrəyən dəlisov bir ruhla tilsimlənmişdi və hər kəsin ürəyi Bakının qaranlıq çökən küçələrində məşəl kimi alışıb yanırdı.

Hamı hədəfdə idi və kimsə də qurtulub qaça bilməzdi. Evlərinin içindən vahimə ilə səmanı süngüləyən kor güllələri izləyənlər də aciz idilər.

Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların – qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar.

Yanvarın 22-də Bakı, bütün Azərbaycan azadlıq şəhidləri ilə vidalaşdı. Respublikada üç günlük matəm elan olunmuşdu. “Azadlıq meydanı”nda böyük matəm mitinqi keçirildi. Mitinqdə və dəfn mərasimində 2 milyona qədər adam iştirak edirdi. Şəhidlər şəhərin ən uca yerində – Dağüstü parkda dəfn edildilər.

20 Yanvar faciəsi, eyni zamanda, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi.

Vaxtında lazımi qiymətini almayan faciəyə yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra məhz onun təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

İndi, o qanlı gecədən 35 il sonra dönüb geri baxanda fərqli səhnələri görürsən. 44 günlük müqəddəs müharibənin içindən 1990-cı ilin yanvar qətliamına baxanda xalqın, dövlətin və liderin azadlığa gedən yollarının hansı uçurumlardan keçdiyini və bu şanlı müharibədə bu xalqın hansı mərdliklə, hansı rəşadətlə ölümün üstünə dik şığımalarının şahidi olursan. Ali Baş Komandanın, ordunun və xalqın möhtəşəm vəhdəti ən müasir döyüş qaydalarının, ən müasir silahların tətbiqi ermənilərə diz çökdürdü. Və bütün dünya bizi qalib kimi alqışladı. Əgər 20 Yanvarda hər verdiyimiz qurban bizi daha ağır sarsıntılara məruz qoyurdusa, 44 günlük müharibədə verdiyimiz 3 minədək şəhidin hər biri qələbəmizin üfüqlərində günəş kimi parladı.

Biz 20 Yanvarda dəniz kimi çalxalanan Bakıda özümüz də bilmədən ölümün ağuşuna atılırdıq. Beləcə, hər kəs öz əcəli ilə vuruşurdu. Biz xalq idik, ölümünə sevinən, vahimələnməyən xalq. O gecə kimə və nəyə tərəf qaçdıqlarını bilməyən yüz minlərlə insan bir istiqlaliyyət himnini bəstələyirdilər. Biz o himnin sədalarını 30 illik həsrətdən sonra Qarabağ döyüşlərində heyranlıqla eşitdik və dinlədik.

https://www.yenigence.com/qanli-yanvar-hadis%c9%99l%c9%99ri-must%c9%99qilliy%c9%99-ged%c9%99n-yolu-isiqlandirdi/Qanlı Ya...
16/01/2025

https://www.yenigence.com/qanli-yanvar-hadis%c9%99l%c9%99ri-must%c9%99qilliy%c9%99-ged%c9%99n-yolu-isiqlandirdi/
Qanlı Yanvar hadisələri müstəqilliyə gedən yolu işıqlandırdı

Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Müstəqil Azərbaycan dövlətinin tarixinə qanla yazılan 1990-cı ilin 20 yanvar faciəsi öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının mübarizliyini, məğrurluğunu bütün dünyaya nümayiş etdirdi. O müdhiş gecədə şəhid olan Vətən oğulları xalqımızın milli azadlığa, müstəqilliyə gedən yolu işıqlandırdılar. 1990-cı ilin yanvar qırğınında faciələr yaşasa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini heç bir qüvvə qıra bilmədi.
Xalqımız dərin hörmət və ehtiramla bu günü, Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olan mərd oğul və qızlarının xatirəsini yad edir. Uzun bir zaman keçməsinə baxmayaraq, Qanlı Yanvar hadisələrinin səbəbləri, bu hadisələrin günahkarları, onlara yardım edənlər, verilən yanlış qərarlar və onların törətdikləri ağır fəsadlar, üzləşilən bütün haqsızlıqlar, ədalətsizliklər ürək ağrısı ilə xatırlanır. 20 Yanvar hadisələrindən sonra xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başladı. Hakimiyyətdə olduqları dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. Ancaq qeyd etmək lazımdır ki, həmin dövrdə heç bir təhlükədən çəkinməyərək Sovet hakimiyyətinin bu cinayətinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin bütün qadağalarına rəğmən, həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ulu Öndər Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələb etdi. Ulu Öndərin bu cür cəsarətli addımı xalqı da cəsarətləndirdi.
Tarixə qanla yazılan o dəhşətli geçə uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlığı, suverenliyi uğrunda mübarizəsinə təkan oldu, ən əsası isə SSRİ adlanan nəhəng imperiyanın çökməsinə şərait yaratdı. Vətəni, azadlığı uğrunda ölümün gözünə dik baxan Azərbaycan övladları 1990-cı ilin 20 yanvar gecəsini yeni tariximizə həm də bir qürur günü, qəhrəmanlıq səhifəsi kimi yazdılar.
Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ilin ikinci yarısında yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra, 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, sözügedən qanlı qırğında əlil düşmüş vətəndaşlarımıza diqqət və qayğısını heç zaman əsirgəmədi. Bu məqsədlə bir sıra mühüm qərarlar qəbul etdi, sərəncamlar imzaladı.
Bu gün də Ümummilli Liderin layiqli davamçısı Qalib ölkəmizin Müzəffər Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə xüsusi diqqət yetirilir, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Xalqın azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldı. Şəhidlərimiz 20 Yanvarı xalqımızın müstəqillik, istiqlal uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk etdilər. Xalqımız igid övladlarının fədakarlığını hər zaman məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir

https://www.yenigence.com/20-yanvar-azadliq-mubariz%c9%99sinin-simvolu/20 Yanvar – azadlıq mübarizəsinin simvoluKönül Sü...
16/01/2025

https://www.yenigence.com/20-yanvar-azadliq-mubariz%c9%99sinin-simvolu/
20 Yanvar – azadlıq mübarizəsinin simvolu
Könül Süleymanova,
Gəncə şəhəri, 7 saylı tam orta məktəbin direktor müavini

20 Yanvar Qırğını, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının silahlı qüvvələrinin Azərbaycanın paytaxtı Bakı şəhərində dinc əhaliyə qarşı həyata keçirdiyi kütləvi repressiyalar nəticəsində baş vermiş faciəvi hadisədir. Bu hadisə Azərbaycanın müstəqillik yolunda ən mühüm dönüş nöqtələrindən biri hesab olunur.

1980-ci illərin sonlarında Sovet İttifaqının zəifləməsi və Mikhail Qorbaçovun “yenidənqurma” siyasəti milli azadlıq hərəkatlarına təkan verdi. Azərbaycanda da Qarabağ münaqişəsi ilə bağlı etirazlar artırdı. Ermənilərin Qarabağda ərazi iddiaları və Sovet rəhbərliyinin bu məsələdə tərəfkeş mövqeyi Azərbaycan cəmiyyətində narazılığı gücləndirdi.

1990-cı ilin yanvarında Bakıda genişmiqyaslı xalq etirazları başladı. Azərbaycan xalqı müstəqillik tələb edirdi. Lakin Sovet rəhbərliyi bu hərəkata zorla cavab verdi və Bakıya qoşun yeridildi.

19 yanvar gecəsi Sovet ordusu şəhərə daxil olaraq dinc əhaliyə qarşı hərbi texnika və ağır silahlardan istifadə etdi. Tankların və avtomatların gücü ilə etirazçılara qarşı amansız hücumlar təşkil edildi. Nəticədə, 147 nəfər həlak oldu, yüzlərlə insan yaralandı, itkin düşdü və həbs edildi. Şəhərin müxtəlif yerlərində qanlı hadisələr baş verdi.

Sovet ordusunun müdaxiləsi nəticəsində təkcə Bakı deyil, Azərbaycanın digər bölgələrində də faciə yaşandı. Xalqın milli azadlıq hərəkatını boğmaq üçün həyata keçirilən bu qırğın əslində müstəqillik uğrunda mübarizənin daha da güclənməsinə səbəb oldu.

20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşında həm kədərli, həm də qürurverici bir gün kimi qaldı. Bu hadisə Sovet rejiminin qəddarlığını bir daha sübut etdi və müstəqillik hərəkatının əsas təməl daşlarından birinə çevrildi.

1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə 20 Yanvar şəhidlərinin xatirəsi əbədiləşdirildi. Hər il 20 yanvar tarixi “Ümumxalq Hüzn Günü” kimi qeyd edilir və şəhidlərin məzarları Ziyarətgah olaraq yad olunur.

20 Yanvar şəhidlərinin dəfn olunduğu Şəhidlər Xiyabanı Bakıda xalqın azadlıq mübarizəsinin simvolu kimi qəbul edilir. Hər il on minlərlə insan bu xiyabanı ziyarət edərək şəhidlərin ruhuna dualar edir və onların xatirəsini ehtiramla yad edir.

20 Yanvar Qırğını, Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin parlaq nümunəsi olaraq tarixdə qalacaqdır. Bu gün Azərbaycanın azad və müstəqil bir dövlət kimi mövcudluğu həmin şəhidlərin qanı bahasına qazanılmışdır.

https://www.yenigence.com/az%c9%99rbaycan-dunyada-sulhun-sabitliyin-b%c9%99rq%c9%99rar-olmasinin-t%c9%99r%c9%99fdaridir/...
12/01/2025

https://www.yenigence.com/az%c9%99rbaycan-dunyada-sulhun-sabitliyin-b%c9%99rq%c9%99rar-olmasinin-t%c9%99r%c9%99fdaridir/
Azərbaycan dünyada sülhün, sabitliyin bərqərar olmasının tərəfdarıdır

Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Ölkəmizin Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində bir çox məqamlara toxundu, 2024-cü ildə əldə olunmuş uğurların, nailiyyətlərin nəticələrini dəyərləndirdi. Eyni zamanda, Azərbaycanın son illərdə əldə etdiyi mühüm qələbələr, sosial sahədə atılan addımlar müsahibədə önə çəkildi.
Azərbaycanın iqtisadi inkişafına, ərazi bütövlüyümüzün bərpasından sonra yaranmış yeni tarixi reallıqlarına diqqət yetirən cənab İlham Əliyev bildirib ki, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Çünki bildiyiniz kimi, biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və hesab edirəm ki, aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək. Ona görə biz ümumi iqtisadi göstəricilərə nəzər saldıqda, ilk növbədə, qeyri-neft sektorunun parametrlərini nəzərə alırdıq. Burada da inkişaf daha uğurludur, 6 faizdən çox artıbdır. Nəzərə alsaq ki, artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur. Yəni, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır.
Azərbaycanın ziddiyyətlərlə dolu dünyamızda qazandığı uğurlar, nailiyyətlər ölkə Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur. Yola saldığımız 2024-cü ilin yekunlarına nəzər salanda əldə olunan iqtisadi ciddi artımlar xüsusi ilə nəzərə çarpır. Belə ki, ümumi daxili məhsul (ÜDM) 4 faizdən çox artıb, qeyri-neft sektoru və qeyri-neft sənayesi sahələrində də müsbət nəticələr əldə edilib. Ölkənin valyuta ehtiyatları 72 milyard dollar səviyyəsinə çatıb, xarici borc isə 5,2 milyard dollar təşkil edib ki, bu da ölkənin iqtisadiyyatını gücləndirən əsas faktorlardandır.
Azərbaycanın ümumi daxili məhsulunun xarici borca olan nisbəti barədə danışan dövlətimizin başçısı bildirib ki, xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7,2 faizini təşkil edir. Müqayisə üçün deyə bilərəm ki, əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur və 7,2 faiz səviyyə, doğrudan da, çox böyük nəticədir. Göründüyü kimi müstəqil ölkəmizin iqtisadiyyatının heç bir xarici maliyyələşməyə ehtiyac yoxdur. Bu da onu təsdiq edir ki, möhkəm təməl üzərində qurulan iqtisadiyyatın gələcək inkişafı qaçılmazdır.
Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar ölkəmizin müdafiə qüdrətinin, hərbi gücümüzün də artmasına şərait yaradıb. Xalqımızın Qalib Lideri müsahibəsində Azərbaycanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə hərbi büdcəsini rekord həddə, 8,4 milyard manata yüksəltdiyini açıqladı: "Mən bunu artıq bir dəfə demişəm: biz Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərcləyirik. Bu, tam fərqli ola bilərdi. Çünki Ermənistanın silahlanma yarışı, bizim də maliyyə resurslarımızı əsas məsələlərdən başqa hərbi məsələlərə cəlb etməyə məcbur edir. Mən onu da bildirmişdim ki, Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz".
Aydındır ki, Azərbaycanın hərbi gücünün artması ölkəmizin təhlükəsizliyi ilə yanaşı regionda sülhün qorunmasında, sabitlik və dayanıqlı inkişaf mühitinin təmin olunmasında mühüm əhəmiyyətə malikdir. İşğalçılıq siyasəti ilə dünyada gözdən düşən Ermənistanın genişmiqyaslı silahlanma kampaniyasına ötəri baxmaq olmaz. Faşist xislətli qonşu ölkənin silahlanması təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün növbəti təhdiddir.
Ölkəmizin Prezidenti cənab İlham Əliyev müsahibəsində Amerika, Avropa İttifaqı və Ermənistan əməkdaşlıq platformasına da münasibət bildirib: “Amerikanın Dövlət katibi, Avropa Komissiyasının prezidenti və xarici işlər naziri, Ermənistan baş naziri Brüssel şəhərində bir araya gəlmişdilər, faktiki olaraq yeni bir əməkdaşlıq haqqında razılıq əldə etmişdilər. Bizdə olan məlumata görə, bu görüşdən əvvəl əldə edilmiş razılaşmada hərbi komponent də var idi, ancaq ondan sonra o, rəsmən oradan çıxarıldı, amma de-fakto orada qalır. Bu, əslində, həm Avropa Komissiyasını, həm Amerika Birləşmiş Ştatlarını Azərbaycan-Ermənistan normallaşma prosesindən kənarlaşdırıb. Biz onlara bu barədə artıq bildirmişik. Əgər hər hansı bir tərəf tərəf tutursa, o, dürüst vasitəçi ola bilməz".
Azərbaycan Cənubi Qafqazın sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olması üçün öz mövqeyini müdafiə edəcək. Ermənistanın, havadarlarının, regionda sülhü, sabitliyi pozmaq istəyən qüvvələrin məkrli planları yenə də iflasa uğrayacaq. Hər an, hər dəqiqə xalqının yanında olan cənab İlham Əliyev onu da qətiyyətlə bəyan etdi ki, ölkəmiz bu məsələlərdə, sadəcə, tamaşaçı rolunda olmayacaq. Otuzillik işğal, dağıntılar, Qarabağın, Şərqi Zəngəzurun viran qoyulması, Xocalı soyqırımı, bir milyon insanımızın Ermənistanın ucbatından qaçqın, köçkün vəziyyətində yaşaması bizim xatirimizdən heç vaxt silinməyəcək. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın.
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi eyni zamanda, sülhün, təhlükəsizliyin, sabitliyin dünyada bərqərar olmasının tərəfdarı olan ölkəmizin rəhbərinin beynəlxalq aləmə ünvanlanmış növbəti qətiyyətli mesajı oldu.

Address

Yeni Gence
Gandzha
AZ2000

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 20:00

Telephone

+994504095924

Alerts

Be the first to know and let us send you an email when Yeni Gence posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yeni Gence:

Videos

Share