26/02/2024
“Xocalı faciəsi” ilə əlaqədar dəyirmi masa keçirilib.
26 fevral 2024 – cü il tarixdə Babək Rayon Uşaq Musiqi Məktəbində Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyində çalışan əməkdaşların iştirakı ilə “Xocalı – Qan yaddaşımız” başlığı altında dəyirmi masa keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın və Xocalı faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə açaraq bildirdi ki, Xocalı şəhəri 1991 – ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30 – da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992 – ci il yanvarın 28 – də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2 – dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
Dəyirmi masanın iştirakçıları Xocalı faciəsi haqqında danışaraq qeyd etdilər ki, fevralın 25 – i axşam Xocalı şəhəri toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.
Sonra dəyirmi masa müzakirə şəklində davam edib.