07/22/2022
Estoniyadakı layihədən iştirakçımız Zeynal Huseyovun təsüratları:
Hər vaxtınız xeyirli olsun. Hal hazırda International Project Club-un dəstəyi ilə Estoniyada baş tutan "Parnu Youth Camp" layihəsində iştirak edirəm və təəssüratlarımla bölüşmək istəyərdim. Parnu gənclər mərkəzində uşaq və yeniyetmələrin iştirak etdiyi düşərgəyə qoşuldum və inanın, olduqca maraqlı və əyləncəli vaxt keçirirəm. Buradakı uşaqlardan belə maraqlı şeylər öyrəndim və estonların uşaq tərbiyyəsinin necə kökündən bizdən fərqləndiyinə şahid oldum. Onu da qeyd edim ki, daha keyfiyyətli tərbiyə edib sağlam düşüncəli uşaqlar böyüdürlər deyə cəmiyyətləri daha firavandır. Ümumiyyətlə bildirim, International Project Clubun adətən çox yaxşı layihələri olur. 2018-də Almaniyada baş tutan düşərgədə də iştirak etmişdim və olduqca xoş xatirələrlə ayrılmışdım, bundan əlavə, sənəd yığmaq, viza almaq kimi mərhələlərdə də çətinlik olmur. Ilk vizanı birbaşa Almaniyadan aldım və heç bir problem yaşamadım, adətən viza rüsumundan da (35 avro) azad olursan. Əsas sənəd olan dəvət məktubu gələndən sonra, geriyə xırda işlər qalır. Layihə ölkəsində olduğunuz müddət ərzində isə qalmaq, yemək və şəhər içi nəqliyyat (layihədən asılı olaraq dəyişir) xərcləriniz qarşılanır və bu da sizə böyük imkanlar yaradır. Beynəlxalq layihələrə qoşulmağın üstünlüklərini isə saymaqla bilməz. Siz yeni insanlar tanıyırsınız, tamamilə başqa bir yaşam tərzi, mədəniyyət görürsünüz, yeni şeylər öyrənirsiz ("cultural shock" da yaşaya bilərsiniz), müxtəlif ölkələrdən tanışlarınız olur və, ən əsası, çox rahat səyahət etmək imkanı əldə edirsiniz. Estoniyada qaldığım müddətdə Latviya, Finlandiya, Isveç və Norveçdə oldum və unudulmaz təəssüratla qayıtdım. Təbii ki, hara gedəcəyiniz, nə edəcəyiniz, necə dincələcəyiniz sizdən asılıdır. Təbii ki bu öz hesabınıza olacaq 😀. Ancaq qısa müddətlik olsa da rutin həyatınızdan qaçıb bu qısa müddətdə hər gününüzü bir möhtəşəm və qeyri-adi keçirmək istəyirsinizsə əlinizə düşən fürsəti qaçırmayın. Mən də bir çoxu kimi stresli Bakıda işləyirəm və bir aylıq (layihəmin müddəti hardasa bir aydır) məzuniyyət götürüb aradan çıxdım. Qətiyyən çəkinmək və ya qorxmaq gərək deyil. Orada gedib nə edəcəm, vizanı necə alacam, oraya necə gedib çıxacam və bunun kimi düşüncələri ümumiyyətlə atın qırağa. Işin ucundan tutub başlayanda ardı öz özünə gələcək. Üstəlik, hər şeyi yalnızca təkbaşına həll etmək özünüzə olan güvəni və sərbəstliyinizi artırır. Yayın yarısı isə hələ qabaqdadır, odur ki, əlinizə fürsət düşsə qaçırmamağa çalışın. Yay da olmasa fərqi yoxdur. Hər fəsildə müxtəlif layihələr olur və hər fəsil ayrıca bir gözəldir. Hamınıza uğurlar diləyirəm.